Türkiyə və Azərbaycana qarşı “böyük” koalisiya?| Yunanıstan, Ermənistan və Kipr ordularını modernləşdirir (ANALİZ)

2023/07/34-1689588684.jpg
Oxunub: 6934     16:18     17 İyul 2023    
İyulun 5-də Yunanıstan, Ermənistan və Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirib. Görüş hər üç ölkənin silahlı qüvvələrinin mühüm dəyişikliklərdən keçdiyi bir vaxta təsadüf edir. Kiprdə keçirilən bu görüşdə üç ölkənin rəsmiləri qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərini müzakirə etdilər və öz müdafiə və təhlükəsizliklərini gücləndirmək məqsədini bir daha təsdiq etdilər. Gələn il ərzində bir-birlərinin ərazilərində keçirəcəkləri silsilə tədbirlər üçün əməkdaşlıq planı da imzalanıb.

Görüş Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin mühafizəkar hökumətinin ikinci müddətinə seçildiyi vaxta təsadüf edib. Mitsotakis hökumətinin “prioritetinin ölkəni qorumaq olduğunu” və hərbi sahəyə milyardlarla avro ayırmağa davam edəcəyini bir daha təkrar etdi.

Bu restrukturizasiyanın bir hissəsi kimi Yunanıstan Fransadan 24 ədəd “Dassault Rafale” çoxməqsədli döyüş təyyarəsi sifariş edib. Yunanıstan Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 parkının əsas hissəsi də ən müasir “Blok 72” standartına qədər təkmilləşdirilir. Ən əsası isə Afina ən azı 20 ədəd beşinci nəsil F-35 “Lightning II” döyüş təyyarəsi sifariş edir və daha 28 ədəd almaq imkanına malikdir. Türkiyə ilə gərginliyin azalmasına baxmayaraq, bu alışlar davam edir. 2020-ci ildə Ankara ilə artan gərginlik və fikir ayrılıqları ən azı qismən onilliklər ərzində ən genişmiqyaslı olan və davam edən bu komplektləşdirməyə səbəb oldu.

Türkiyənin Şərqi Aralıq dənizi və Cənubi Qafqazdakı hədəflərinə qarşı qarşılıqlı qorxu və əleyhdarlıq, şübhəsiz ki, Afina, Nikosiya və İrəvan arasında hərbi əməkdaşlığın artmasına kömək edib. Yunanıstanın davamlı hərbi güclənməsi Türkiyə üçün Ermənistan və ya Kiprdən daha vacib olsa da, Aralıq dənizinin şərqindəki ada dövlətinin hazırkı satınalmaları digər aspektlərdə də diqqətəlayiqdir.

1987-2020-ci illər arasında ABŞ bölünmüş adada silahlanma yarışının qarşısını almaq üçün Kiprə ciddi silah embarqosu tətbiq etdi. 2020-ci ildə bu embarqonu ləğv etməyə başladı. Müttəfiqi Ermənistanda olduğu kimi, Kipr ordusu da əsasən Rusiya texnikasından ibarətdir. Nikosiya 1990-cı illərin ortalarında Moskvadan T-80U əsas döyüş tankları və BMP-3 zirehli döyüş maşınları alıb. O zaman daha uzun mənzilli S-300PMU-1 Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin alınması cəhdləri Ankara ilə böhrana səbəb oldu. Qabaqcıl batareyalar Yunanıstana yönləndirildikdə, adada mümkün müharibənin qar0şısı alındı. Nikosiya sonda HHM üçün orta mənzilli “Buk” və qısa mənzilli “Tor” raketləri aldı.

Mitsotakis kimi Kipr Prezidenti Nikos Xristodulides də ölkəsinin ordusunu gücləndirməkdə qərarlıdır. Mart ayında o, Kiprin ümumi daxili məhsulunun ən azı 2 faizini müdafiə xərclərinə ayıracağına söz verdi və güclü müdafiə olmadan, xarici siyasət məsələlərində söz haqqının açıq şəkildə məhdud olduğunu söylədi.

İyun ayında Kipr Fransanın qısa mənzilli “Mistral” HHM raketlərini almaq üçün niyyət məktubu imzalayan beş Avropa ölkəsindən biri idi. Məlumata görə, Nikosiya 2020-ci ilin əvvəlində “Mistral” və “Exocet” gəmi əleyhinə raketləri üçün 240 milyon avro (təxminən 263 milyon dollar) dəyərində müqavilə imzalayıb. Kipr-Fransa müdafiə əməkdaşlığı yeni olmasa da, son bir ildə Kipr administrasiyasının daha çox İsrail hərbi texnikası almaq niyyətində olduğuna dair əlamətlər artmaqdadır. Bu günə qədər Nikosiya İsrail istehsalı olan yalnız bir neçə “Aerostar” və “Searcher” müşahidə və kəşfiyyat Pilotsuz Uçuş Aparatı (PUA), habelə kiçik silahlar alıb.

2022-ci ilin avqustunda Kipr KİV-i ölkənin Müdafiə Nazirliyinin İsrailin məşhur “Dəmir Günbəz” HHM sistemini almaq qərarını həyata keçirməyə başladığını və müqavilələrin artıq imzalandığını bildirdi. Bununla belə, o vaxtdan bəri əlavə təfərrüatlar açıqlanmır və Kiprin nə vaxt və nə qədər “Dəmir Günbəz” batareyası alacağı bəlli deyil. Digər tərəfdən, bu ilin iyun ayında həm Kipr, həm də İsraildəki mənbələr İsrailin “Haaretz” qəzetinə iki ölkənin İsrail istehsalı olan “Merkava” tanklarının satışını müzakirə etdiyini təsdiqləyib. Əgər razılaşma əldə olunarsa, Kipr İsrailin əsas döyüş tankından istifadə edən ilk Avropa ölkəsi olacaq.

“Merkava” və “Dəmir Günbəz”i əldə etsə belə, hazırkı Kipr hökuməti T-80-lərini, BMP-lərini və ya “Buk”/”Tor”larını Ukraynaya verməyə qarşı çıxa bilər. İyun ayında keçirdiyi mətbuat konfransında Kristodulid daha müasir Qərb əvəzediciləri müqabilində bu avadanlıqların hər hansı birini göndərməkdən qəti şəkildə imtina etdi. O vurğuladı ki, Nikosiya müdafiə xərclərini artırmaq, Kipr Respublikasının çəkindirmə qabiliyyətini gücləndirmək və büdcənin 2 faizinə çatmaqda qərarlıdır. Kristodulidin T-80-ləri təhvil verməkdən imtina etməsi onu göstərə bilər ki, Kipr Fransa istehsalı olan köhnə AMX-30 tanklarını İsrail istehsalı olan “Merkava”lar ilə əvəz etmək və daha böyük rus tanklarını bir müddət xidmətdə saxlamaq niyyətindədir.

Bu üç ölkə arasında Ermənistanın silah alması Türkiyə üçün daha az əhəmiyyət kəsb edir. Buna baxmayaraq, İrəvan müdafiə alışlarını şaxələndirmək və Rusiyadan ağır asılılığını azaltmaq üçün mühüm addımlar atır. 2011-20-ci illərdə Ermənistanın əsas silah idxalının 94 faizi Rusiyadan gəlib. İndi İrəvan alternativlər axtarır və şübhəsiz ki, bu 94 faizi əhəmiyyətli dərəcədə azaltmağa ümid edir. Şübhəsiz ki, iki mühüm hadisə bu qərara təkan verib. Birincisi, Ermənistanın 2020-ci il Qarabağ müharibəsi zamanı Türkiyə və İsrailin müasir PUA-ları ilə təchiz edilmiş Azərbaycan Ordusuna qarşı biabırçı məğlubiyyəti. İkincisi, Rusiyanın Ukraynada davam edən müharibəsi və bunun nəticəsində yaranan təchizat problemləri.

İyun ayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvanın silah satışı ilə bağlı bir çox ölkələrlə danışıqları olub. Qriqoryan Ermənistanın televiziyasında çıxış edərkən deyib: “Bu o deməkdir ki, Ermənistanın problemi varsa, o, Ermənistanla Rusiya arasında silah tədarükü ilə bağlı münasibətlərdəki problemin həlli üçün alternativ variantlar axtarır. Biz həqiqəti görürük. Bu, Rusiyanın Ukraynadakı müharibəsidir. Ona görə də başa düşürük ki, Rusiyanın silah ixrac etmək imkanları çox deyil”.

Ermənistan son illərdə Hindistan və Fransa ilə daha sıx müdafiə əlaqələri qurmağa çalışır. Erməni mediasının qeyd etdiyi kimi, İrəvanın Hindistanın hərbi texnikasına marağı 2020-ci il Qarabağ müharibəsindən əvvəl yaranıb. Məsələn, həmin ilin əvvəlində Ermənistan rəqibin mərmilərini izləmək, atəş mövqelərini və buraxılış qurğularını tapmaq üçün nəzərdə tutulmuş 4 ədəd Hindistan istehsalı radar üçün 40 milyon dollarlıq silah müqaviləsi imzaladı.

Həmin ilin iyununda Ermənistan həmçinin Hindistandan PUA və digər silahların alınması ilə bağlı danışıqlar aparıb. Ermənistan 2022-ci ilin sentyabrında ən azı 4 batareya üçün 250 milyon dollarlıq müqavilə ilə Hindistanın “Pinaka” Yaylım Atəşli Reaktiv Sisteminin (YARS, “Multiple Launch Rocket System” – MLRS) ilk xarici alıcısı oldu.

İrəliyə baxsaq, Ermənistan-Hindistan müdafiə əlaqələrinin eksponent olaraq genişlənəcəyi gözlənilir. May ayında İrəvan son zamanlarda hökumət strukturları, özəl təşkilatlar və hərbi-sənaye kompleksi şirkətləri tərəfindən ikitərəfli əməkdaşlığa göstərilən güclü maraq fonunda özünün Yeni Dehli səfirliyinə hərbi attaşe təyin edib. Bir çox sistemlərdəki oxşarlıqları nəzərə alsaq, Rusiya silahlarından Hindistan silahlarına keçid Ermənistan üçün nisbətən asan ola bilər.

Hindistan Rusiya istehsalı olan sistemləri yerli olaraq istehsal etmə və özəlləşdirmə məsələsində uzun və uğurlu tarixə sahibdir. Bu sahədə daha əvvəl qeyd edildiyi kimi, Yeni Dehlinin “Su-30MKI”nin yerli olaraq istehsalında təcrübəsi onu Ermənistanın HHQ-sinin yeganə döyüş təyyarəsi olan “Su-30SM” parkını özəlləşdirmək üçün ideal namizəd edə bilər. Hətta Hindistan Ermənistana bu təyyarələr üçün yəqin ki, “BrahMos” supersəs qanadlı raketinin havadan buraxılan versiyası da daxil olmaqla unikal və təkmil silahlar verə bilər ki, bu da onların İrəvan üçün strateji dəyərini xeyli artıra bilər.

Fransanın isə Ermənistana 50 VAB MK 3 zirehli transportyoru verəcəyi, habelə bununla yanaşı “Bastion”, “Şerpa” zirehli maşınlarının və quru əsaslı, qısa mənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sisteminin alınması imkanlarının da müzakirə olunduğu məlumdur. Ötən ay məlum oldu ki, Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trajan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq. Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.

Bütün bunları zaman göstərəcək. Ancaq artıq Yunanıstan, Kipr və Ermənistan silahlı qüvvələrinin daha sıx müdafiə əlaqələri qurduqca bəzi əhəmiyyətli dəyişikliklər həyata keçirməyə çalışdıqları gün kimi aydındır. Fransa, Hindistan və İran xəttinin iştirakı isə əməkdaşlığın heç də 3 ölkəni əhatə etmədiyini, Türkiyə və Azərbaycana qarşı daha böyük koalisiyalaşmanın olduğunu göstərir…

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ermənistan   Kipr  


Bizi "telegram"da izləyin